...

Fransada doğum nisbətində azalma qeydə alınıb

Dünya xəbərləri Materials 26 İyul 2025 04:29 (UTC +04:00)
Fransada doğum nisbətində azalma qeydə alınıb

Bakı. Trend:

Fransada 2024-cü il iyunun 1-dən 2025-ci il mayın 31-dək 651 min şəxs vəfat edib, 650 min körpə dünyaya gəlib. İkinci Dünya müharibəsindən bəri ilk dəfə qeydə alınan bu göstərici demoqrafiya üzrə tədqiqatçıların fikrinə görə, artıq gecikmiş bir nəticədir və onun uzunmüddətli təsirləri çox ciddi ola bilər.

Trend xəbər verir ki, Fransa Statistika İdarəsi (Insee) bu vəziyyətin əvvəllər 2027-ci ildə baş verəcəyini proqnozlaşdırsa da, trendlər dəyişdi və bu tarixi dönüş 2025-ci ildə baş verdi. Bildirilir ki, doğum nisbətində azalma 2007-ci ildən bəri davam edir, lakin gözlənilən canlanma baş vermədi. İnsanlar ailə qurmaq və ya uşaq sahibi olmaq qərarını daha gec verirlər. Eyni zamanda, uşaq istəməyənlərin sayı da artır. 25-29 yaşlı şəxslərin 20 faizi valideyn olmağa tərəddüd edir.

Digər tərəfdən isə əhalinin yaşlanması səbəbi ilə ölüm sayı hər il artır. 1945–1973-cü illər arasındakı “baby-boom” nəsli indi 85 yaşını keçməkdədir – bu isə təbii ölüm sayını artırır. 2024-cü ilin qışında güclü qrip dalğası bu tendensiyanı daha da gücləndirib. Qeyd edilir ki, bu tendensiya təkcə Fransada yox, bütün Avropada müşahidə olunan bir fenomendir. Sadəcə Fransa bu vaxta qədər müsbət demoqrafik saldosunu qoruyub saxlaya bilmişdi. Artıq bu da dəyişib.

Mütəxəssislər bildirirlər ki, bu demoqrafik dəyişikliklərin əsas təsirləri 2030-cu illərdə özünü göstərəcək. Uşaqların azalması iqtisadiyyata mənfi təsir göstərəcək. Bu, gələcəkdə əmək bazarında iştirak edənlərin, eləcə də istehlakçıların sayının azalmasıdır. Azalan doğumlar səbəbi ilə uşaq müəssisələri bağlana bilər, xüsusən də kənd rayonlarında bu, yerli icmalar üçün dağıdıcı ola bilər. 20 ildən sonra pensiya sisteminə töhfə verəcək insanların sayı azalacaq, baxım işçilərinə tələbat artacaq, amma təminat olmayacaq. Sağlamlıq sistemində, siyasətdə və resurs bölgüsündə yaşlılarla gənclər arasında qarşıdurma riski artacaq.

Xəbər lenti

Xəbər lenti