Bakı. Trend:
ABŞ Müdafiə naziri Pit Heqsetin mətbuata məlumat sızdıran şəxsləri aşkar etmək məqsədilə yaxın ətrafını poliqraf (yalan detektoru) yoxlamasından keçirməsi Ağ Evin müdaxiləsi ilə dayandırılıb.
Trend-in Washington Post qəzetinə istinadən verdiyi məlumata görə, Ağ Ev bu yanaşmanı uyğun hesab etməyərək Heqsetə poliqraf istifadəsini dayandırmaq göstərişi verib.
Xatırladaq ki, 2024-cü ilin aprel ayında Prezident Donald Trampın administrasiyası bir neçə ciddi informasiya sızması ilə qarşı-qarşıya qalmışdı. Mətbuata yayılan gizli məlumatlar xüsusilə Pentaqon daxilində böyük rezonansa səbəb olub.
Nəticədə, Müdafiə Nazirliyində bir sıra yüksək vəzifəli şəxslər vəzifədən azad edilib. Onlar arasında Müdafiə nazirinin müavini Kolin Kerroll, nazirin aparat rəhbərinin müavini Darin Selnik, katibin müşaviri Den Kolduel və nazirliyin keçmiş mətbuat katibi Con Elliott da yer alıb.
Hadisə Tramp administrasiyasında informasiya təhlükəsizliyi və daxili etimad məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub.