Bakı. Trend:
Rusiya ilə Ukrayna arasında davam edən münaqişənin həlli istiqamətində liderlərin bir araya gəlməsi üçün danışıqlar davam etdirilir.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Balkan Sülh Platformunun birinci toplantısından sonra mətbuata verdiyi açıqlamada bildirib.
Nazir qeyd edib ki, son günlərdə tamamlanan üçüncü raund danışıqlarda əsas gündəm maddələrindən biri məhz liderlərin görüşü olub:
“Bu günə qədər danışıqlar üç əsas istiqamət üzrə aparılıb: humanitar məsələlər, atəşkəs və liderlərin görüşü. Hər görüşdə daha çox əsirin, yaralının və məhkumun dəyişdirilməsi ilə bağlı razılığa gəlinir. Hazırda isə liderlərin görüşünün vaxtı və formatı ilə bağlı müzakirələr davam edir”.
Nazir həmçinin Balkan Sülh Platformunun iclası barədə də danışıb. Onun sözlərinə görə, toplantıda ölkələrin Avropa İttifaqına inteqrasiyası, regional əməkdaşlıq və ortaq maraqlar əsasında atıla biləcək addımlar müzakirə edilib.
Hakan Fidan vurğulayıb ki, Türkiyə həm beynəlxalq vasitəçi, həm də bölgədə sülhün və sabitliyin təminatçısı kimi bu prosesdə fəal iştirakını davam etdirəcək.