Bakı. Trend:
Nigeriyanın Niger əyalətində çayda baş verən qayıq qəzası nəticəsində azı 13 nəfər həyatını itirib, onlarla insan isə itkin düşüb.
Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, taxta qayığın göyərtəsində 100-ə yaxın insan olub və onlar yaxınlıqdakı bazara yollanırmış. Yerli rəsmi İşiyaku Akilunun sözlərinə görə, hadisənin dəqiq səbəbi hələ müəyyənləşdirilməyib, lakin ilkin ehtimallara əsasən, qayıq həddindən artıq yükləndiyi üçün aşıb.
İlkin məlumata əsasən, 13 sərnişin həlak olub, əksəriyyəti qadın və uşaqlar olan 26 nəfər isə xilas edilib. Qalan sərnişinlər itkin düşmüş hesab olunur.
Hazırda faciə yerində xilasetmə əməliyyatları davam etdirilir və ölənlərin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, bu cür hadisələr Nigeriyada, xüsusilə Niger əyalətində tez-tez baş verir. Xatırladaq ki, təxminən doqquz ay əvvəl eyni bölgədə dini bayramdan qayıdan insanları daşıyan qayığın batması nəticəsində ən azı 60 nəfər, əsasən qadın və uşaqlar, həyatını itirmişdi.