Bakı. Trend:
İtaliyanın Sardiniya adasında yerləşən məşhur Villasimius çimərliyi yaxınlığında meşə yanğını baş verib.
Trend xəbər verir ki, güclü küləyin təsiri ilə alov qısa müddətdə geniş əraziyə yayılıb və yaxınlıqdakı iaşə obyektlərini də əhatə edib.
Yanğının söndürülməsi və əhalinin təxliyəsi üçün əraziyə mülki müdafiə qüvvələri cəlb olunub.
Hadisə zamanı çimərlikdə təxminən 600 nəfər olub. Onlardan 200 nəfəri patrul və fərdi qayıqlar vasitəsilə təxliyə edilib. Dəniz xilasetmə əməliyyatlarının həyata keçirilməsi üçün Kalyari Liman İdarəsi səfərbər olunub. Əməliyyatlara helikopterlər də cəlb edilib.
Yanğın nəticəsində çimərlik ətrafındakı dayanacaqda onlarla avtomobil yanaraq istifadəyə yararsız hala düşüb. Hazırda yanğının lokallaşdırılması istiqamətində işlər davam etdirilir.