Bakı. Trend:
Cənubi Koreya nəhəngi olan “Samsung Electronics”in ABŞ-dakı istehsalat zavodu “Tesla”nın avtopilot funksiyası üçün nəzərdə tutulan çipləri istehsal edəcək.
Trend xəbər verir ki, bunu “Tesla” şirkətinin rəhbəri, amerikalı milyarder İlon Mask öz “X” səhifəsində elan edib.
Bu, həm “Samsung”, həm də ABŞ çip sənayesi üçün rekord səviyyəsində bir müqavilə olacaq.
"X" platformasında dərc olunan digər bir paylaşımda qeyd olunur ki, bu müqavilənin dəyəri 16,5 milyard ABŞ dolları təşkil edir. Mask isə qeyd edir ki, bu “yalnız minimal məbləğdir. Əsl istehsal həcmi bir neçə dəfə artıq ola bilər.”
Maskın sözlərinə görə, Texas ştatında yerləşən “Samsung” istehsalat müəssisəsində hələ satışa çıxarılmamış Tesla avtomobilləri üçün qabaqcıl texnologiyalı yeni nəsil mikroçiplər istehsal olunacaq.
“Samsung"un Texasda inşa etdiyi nəhəng yeni fabriki “Tesla”nın növbəti nəsil AI6 çipinin istehsalına həsr olunacaq. Bu əməkdaşlığın strateji əhəmiyyətini yüksək qiymətləndirməmək çətindir” – Musk belə deyib.
"Samsung" 2017-ci ildən "Tesla" ilə əməkdaşlıq etsə və AI4 çipini istehsal etsə də, AI5 çipi üzrə müqaviləni əvvəlcə Tayvanda, yaxın zamanda isə ABŞ-nin Arizona ştatında istehsalatı planlaşdırılan TSMC şirkətinə uduzub.
AI6 çipi yalnız "Tesla" avtomobillərində deyil, həm də şirkətin insana bənzər robotlarının texnoloji inkişafında və süni intellekt modellərinin təlimində istifadə ediləcək.