Bakı. Trend:
ABŞ bir neçə ölkənin, o cümlədən Ukrayna ordusunun arsenalı üçün “AIM-120 Advanced Medium-Range Air-to-Air Missile” (AMRAAM) hava-hava tipli ballistik raketlərini sifariş edib.
Trend xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, “Raytheon” müdafiə şirkəti AMRAAM raketlərinin istehsalı üçün ümumilikdə 3,5 milyard dollarlıq müqavilə imzalayıb.
AIM-120 Advanced Medium-Range Air-to-Air Missile (AMRAAM) – müasir, radarla idarə olunan, uzaq məsafəli hava-hava tipli raketdir və NATO-nun, həmçinin müttəfiq ölkələrin hava qüvvələrində geniş istifadə olunur.
Raket istənilən hava şəraitində, həm gündüz, həm də gecə düşmən təyyarələrini məhv etmək üçün nəzərdə tutulub. Raket aktiv radar başlığa, yüksək sürətə və dəqiq hədəfləmə imkanına malikdir ki, bu da onu hava döyüşlərində son dərəcə effektiv edir. 1990-cı illərdən istismara verilən AMRAAM raketləri fasiləsiz olaraq təkmilləşdirilir və onların uçuş məsafəsi və dəqiqliyi artırılır.