Bakı. Trend:
Gələcəkdə İran və ABŞ arasında dolayısı şəkildə müzakirələr baş tutduğu halda, İranın ABŞ-dən kompensasiya tələb etməsi gündəmdəki məsələlərdən biri olacaq.
Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İranın gələcəkdə ABŞ ilə müzakirələri mütləq fərqli şəkildə olacaq. 12 iyundan öncə ilə sonrakı dövrdə şərait çox dəyişib.
Bəqai deyib ki, ABŞ İranın nüvə obyektlərinə hərbi təcavüzə görə kompensasiya ödəməlidir.
Qeyd edək ki, İran parlamentinin rəyasət heyətinin sözçüsü Abbas Qudərsi 10 iyulda bildirib ki, İran parlamentinin bir qrup deputatı İrana hərbi hücumlar səbəbi ilə İsrail və ABŞ-dən kompenasiyanın alınması məqsədilə hökumətin məsələni hüquqi cəhətdən izləməsini tələb edən layihə hazırlayır.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.