Bakı. Trend:
ABŞ nəqliyyat naziri Şon Daffi avqustun 5-də pilotsuz uçuş aparatları (PUA) ilə bağlı əhəmiyyətli açıqlamanın veriləcəyini bildirib.
Trend-in məlumatına görə, Daffi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib:
“Biz ABŞ-nin pilotsuz uçan aparatlarının üstünlüyünə doğru irəliləyirik. Sabah bu barədə böyük bir elan olacaq”.
Nazir konkret nə barədə danışacağını açıqlamasa da, mövzunun strateji və texnoloji əhəmiyyət daşıdığı bildirilir.
Xatırladaq ki, iyunun əvvəlində Prezident Donald Tramp ABŞ Federal Aviasiya Administrasiyasına yerli pilotsuz uçuş aparatlarının istehsal və ixracını artırmaq, habelə texnologiyaların hazırlanması və sınaq proseslərini sürətləndirmək tapşırığını verib.
Tramp daha əvvəl qeyd edib ki, ABŞ Silahlı Qüvvələri də PUA-lardan istifadə təcrübəsini fəal şəkildə öyrənir və bu sahədə liderliyə can atır.
Gözləntilərə görə, avqustun 5-də PUA texnologiyalarında yeni təşəbbüs və ya tənzimləmə mexanizmləri ilə bağlı əhəmiyyətli qərarlar açıqlana bilər.