Bakı. Trend:
İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında əməkdaşlıq üçün yeni çərçivənin tənzimlənməsinə ehtiyac var.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi bir sıra dəyişikliklər əsasında tam yeni şəraitin yarandığını bilir. İran parlamentinin qəbul etdiyi yeni qanuna əsasən, İranın AEBA ilə yeni dövrə başlaması təbiidir.
Araqçi bildirib ki, AEBA-nın müraciətləri əsasında, agentliyin baş direktor müavini Tehrana dəvət olunub. AEBA rəsmisi yoxlama və ya dəyərləndirmə üçün deyil, agentliklə əməkdaşlıq üzrə danışıqlar aparmaq üçün İrana gələcək.
Qeyd edək ki, 2023-cü ilin mart ayında İran və AEBA arasında razılaşma əldə olunub və razılaşma üzrə bəyanat verilib. Razılaşmaya əsasən İranın AEBA ilə əməkdaşlığı nüvə silahlarının yayılmamasına dair konvensiya (NPT) və qorunma (safeguards) çərçivəsindədir, eləcə də tərəflər İranın nüvə proqramı ilə əlaqədar zənginləşdirilmiş uran maddələrinin mövcud olmasına dair irəli sürülən iddialar haqda bir-birləri ilə əməkdaşlıq etməlidirlər.
Xatırladaq ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA ilə əməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dair qərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalar keçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvə mərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyi halda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə verilə bilər.