Bakı. Trend:
Fransanın meteoroloji xidmətləri ölkənin cənub-qərbində həddindən artıq isti hava şəraiti ilə əlaqədar ən yüksək — qırmızı xəbərdarlıq səviyyəsini elan edib.
Trend-in məlumatına görə, xəbərdarlıq çərşənbə axşamı Jironde və Dordone daxil olmaqla 14 departamentdə qüvvədədir.
Artıq bir neçə gündür Fransada istilər davam edir. Dünən bəzi ərazilərdə temperatur rekordu qırılıb. Xüsusilə Sauternes kommunasında hava 42,5 dərəcə Selsi təşkil edib. Əvvəlki rekord 1906-cı ilin avqustundakı 41,8 dərəcə idi.
Fransanın nəqliyyat naziri Filipp Tabaro çərşənbə axşamı bildirib ki, istilər səbəbindən bir neçə şəhərlərarası qatar, o cümlədən Bordo və Marsel arasındakı qatarlar ləğv olunub.
Bir sıra bələdiyyələr isə yerli sakinlərin isti ilə mübarizəsinə dəstək üçün şəhər üzgüçülük hovuzlarına giriş haqqını azaldıb.