Bakı. Trend:
Qırğızıstan Müdafiə Nazirliyinin helikopteri Çinlə sərhəddə yerləşən Qələbə zirvəsi yaxınlığında sərt eniş edib.
Trend Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, hadisə vaxtı helikopterdə 10 nəfər olub.
İnsident nəticəsində ekipaj komandiri və özəl turizm şirkətinin bir xilasedicisi xəsarət alıblar.
İlkin məlumatlara görə, zərərçəkənlərin müxtəlif sınıq xəsarətləri var, lakin vəziyyətləri stabildir.
Qırğızıstan Müdafiə Nazirliyindən bildirilib ki, "Mi-8" helikopterinin ekipajı köməksiz vəziyyətdə qalan alpinistləri təxliyə etmək məqsədilə dağ silsiləsi istiqamətinə hərəkət edib.
"Hündürlük və çətin hava vəziyyəti ilə əlaqədar helikopter sərt eniş edib. Helikopterin göyərtəsində təxliyə işlərinə cəlb olunmuş ekipaj üzvləri və dağ xilasediciləri olub, onlar hamısı sağdır", - nazirliyin məlumatında qeyd olunur.