Bakı. Trend:
Türkiyə müharibədən sonra Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa, həmçinin təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya hərbçi göndərilməsi imkanını nəzərdən keçirməyə hazırdır.
Trend xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal telemarafonun efirində deyib.
“Mən dünən Türkiyənin müdafiə naziri Yaşar Gülərlə görüşdüm, çox faydalı söhbətimiz oldu. Türkiyə yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır. Bununla yanaşı, yerüstü minaların təmizlənməsində iştirak imkanlarını da nəzərdən keçirirlər”, – səfir bildirib.
O, əlavə edib ki, Türkiyə Ukraynaya hərbçi göndərməyə hazır olan 10 ölkədən biridir: “Biz Türkiyənin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndiririk”.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Türkiyənin təhlükəsizlik zəmanətində iştirak etməyə hazır olduğunu açıqlamışdı.