Bakı. Trend:
İraq neft emalı gücünü sutkada 1,3 milyon barrelə çatdırıb. Ölkə iqtisadi sabitlik və enerji suverenliyini təmin etmək strategiyasının bir hissəsi olaraq bu həcmi 1,65 milyon barrelədək yüksəltməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə İraqın baş naziri Məhəmməd əl-Sudaninin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, belə templər daxili bazarda neft məhsullarına olan tələbatı tam ödəməyə, idxalı azaltmağa, milyardlarla xarici valyutaya qənaət etməyə və eyni zamanda aviasiya yanacağının ixracına başlamağa imkan verəcək.
Neft emalı gücünün artması İraqı xammal ixracatçısından neft məhsulları bazarında mühüm oyunçuya çevirir. Bu, ölkənin iqtisadi müstəqilliyini gücləndirir, yanacaq idxalından asılılığı azaldır və regionun enerji balansına təsir göstərə bilər.
Qeyd olunub ki, neftin əsas təsir vasitəsi olduğu Yaxın Şərqdə bu addım İraqın müstəqilliyinin möhkəmlənməsi və onun regional geosiyasətdə rolunun artması anlamına gəlir.