Bakı. Trend:
İsveçin şimalında, Vasternorrland bölgəsində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində sursat və litium batareyaları daşıyan qatar relsdən çıxıb.
Trend xəbər verir ki, bu barədə SVT televiziyası məlumat yayıb.
Örnşöldsvik yaxınlığında bir neçə vaqon relsdən çıxaraq yol kənarında qalıb. İsveç Nəqliyyat Administrasiyası bildirib ki, dəmir yolunun bərpası həftələrlə vaxt aparacaq.
Qurumun sözçüsü Peter Yonsson vurğulayıb ki, qatarın bəzi vaqonlarında döyüş sursatı və litium batareyaları olub. Hazırda hadisə yerində təhlükəsizlik tədbirləri görülür.