Bakı. Trend:
Böyük Britaniya və ABŞ bir-birlərinin iqtisadiyyatlarına ümumilikdə 280 milyard funt sterlinq (380 milyard dollar) sərmayə qoymaq barədə razılığa gəliblər.
Trend xəbər verir ki, məlumatı Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisi yayıb.
Bildirilib ki, razılaşma ABŞ Prezidenti Donald Trampın dövlət səfəri zamanı əldə olunub.
Amerika şirkətləri Böyük Britaniyaya 150 milyard funt sterlinq sərmayə yatıracaq. Əsas investisiyalara bunlar daxildir:
Blackstone – 10 il ərzində 90 milyard funt sterlinq;
Microsoft – dörd il ərzində süni intellekt infrastrukturuna, o cümlədən 23 min çip əsasında ölkənin ən böyük superkompüterinin yaradılmasına 30 milyard dollar;
Google – 5 milyard funt sterlinq;
Prologis – 3,9 milyard funt sterlinq (Kembricdə tibbi tədqiqat və Daventri dəmir yolu yük terminalının modernləşdirilməsi üçün);
Palantir – 1,5 milyard funt sterlinq (müdafiə sektoruna).
Bundan əlavə, 50 ildən sonra ilk dəfə Böyük Britaniya ABŞ Hərbi Hava Qüvvələri üçün təyyarə istehsalında iştirak edəcək – Boeing Birmingemdəki obyektində iki E-7A Wedgetail təyyarəsini təkmilləşdirəcək.
Eyni zamanda, Böyük Britaniya şirkətləri də ABŞ iqtisadiyyatına sərmayə qoyacaq:
GSK – 30 milyard dollar;
BP – 25 milyard dollar;
Barclays – 1 milyard dollar.
Bundan başqa, Böyük Britaniya dövlət sektoru beş il ərzində Amerika şirkətləri ilə əməliyyatların həcmini illik 10 milyard funt sterlinqdən 12 milyard funt sterlinqə artırmağı planlaşdırır. Bu sərmayələrin əsas hissəsi texnologiya və müdafiə sahələrinə yönəldiləcək.