Bakı. Trend:
Bir sıra dünya liderləri və xarici işlər nazirləri ABŞ prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin nizamlanması üzrə sülh planını dəstəklədiklərini bildiriblər.
Trend-in məlumatına görə, onlar anklavda hərbi əməliyyatların dayandırılması üçün əməkdaşlığa hazır olduqlarını bəyan ediblər.
"Biz bütün tərəfləri bu təklifi yekunlaşdırmaq və həyata keçirmək üçün ABŞ administrasiyası ilə birləşməyə və əməkdaşlıq etməyə çağırırıq", - deyə Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib.
Onun fikrincə, Fələstinin "HƏMAS" hərəkatı ABŞ-nin planını qəbul etməli, silahlarını yerə qoymalı və qalan girovları azad etməlidir.
O qeyd edib ki, Böyük Britaniya öz tərəfdaşları ilə “fələstinlilərin və israillilərin təhlükəsizlik şəraitində yan-yana yaşaya biləcəkləri davamlı sülhü təmin etmək” üçün işləməyə hazırdır.
İtaliyanın baş naziri Ciorcia Meloni də ABŞ-nin təklifini alqışlayıb və deyib ki, bu, “döyüş əməliyyatlarının daimi dayandırılması, bütün girovların dərhal azad edilməsi və mülki şəxslərin humanitar yardıma tam və təhlükəsiz çıxışını təmin etmək üçün dönüş nöqtəsi ola bilər”.
Bu arada Fransa prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində "İsraildən bu əsasda qəti addım" gözlədiyini bildirib.