Bakı. Trend:
Arxeoloqlar İtaliyanın paytaxtı Romanın simvolu sayılan Kolizeyin altında gizli keçid (tunel) aşkar ediblər.
Trend xəbər verir ki, imperatorların həmin tuneldən arenadan insanlara görünmədən çıxmaq üçün istifadə etdiyi bildirilib. Kolizeyin bünövrəsinə oyulmuş keçidin uzunluğu təxminən 55 metrdir.
Mütəxəssislərin fikrincə, tunel eramızın 70-ci illərində amfiteatr tikildikdən bir neçə onillik sonra, I və II əsrlər arasında inşa edilib.
Kolizey Arxeoloji Parkının məlumatına görə, bərpa edilən, işıqlandırma və ventilyasiya sistemləri quraşdırılan tunel artıq ziyarətçilərə açıqdır.
Qeyd edək ki, eramızın 72-ci ilində inşasına başlanılan və 80-ci ildə tamamlanan Kolizey dünyanın ən qədim və ən böyük elliptik amfiteatrıdır. VIII əsrdən etibarən bu məşhur abidə Kolizey adlandırılmağa başlanıb.