Bakı. Trend:
Hindistanın “Sresan Pharmaceuticals” şirkəti tərəfindən istehsal edilən “Coldrif” öskürək siropunun qəbulu nəticəsində azı 20 uşaq həyatını itirib, daha beş uşağın vəziyyəti kritik olaraq qalmaqdadır.
Trend bu barədə “Hindustan Times” nəşrinə istinadla xəbər verir.
Mütəxəssislərin məlumatına görə, ölümcül sirop uşaqlarda kəskin böyrək çatışmazlığına səbəb olub. Aparılan istintaq zamanı “Coldrif” dərmanının istehsal prosesində 300-dən çox kobud pozuntu aşkar edilib.
Siropun tərkibində yüksək toksik təsirə malik dietilen-qlikol maddəsi müəyyən olunub. Bu maddənin miqdarı icazə verilən həddi 50 faizdən çox aşır. Bildirilir ki, şirkət istehsal xərclərini azaltmaq üçün təhlükəsiz əczaçılıq komponentlərini bu zəhərli maddə ilə əvəz edib.
Hadisə ilə əlaqədar “Sresan Pharmaceuticals” müəssisəsi fəaliyyətini dayandırıb. Şirkət rəhbərliyinə ehtiyatsızlıqdan adam öldürmə, dərmanların saxtalaşdırılması və əczaçılıq qanunvericiliyinin pozulması ittihamları irəli sürülüb.