Bakı. Trend:
Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (ÇRQ) arasında davam edən toqquşmalar nəticəsində qan axıdılmasına son verilməlidir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Qebreyesus, Şimal‑qərbi Sudan, Darfur bölgəsindəki Faşir şəhərində ÇRQ tərəfindən həkim Ədəm İbrahim İsmailin öldürülməsinə dair məlumat alındığını və təşkilatın bu hadisəni böyük təəssüflə qarşıladığını deyib:
“ÜST olaraq bildiririk ki, həkim İsmailin yasını tuturuq və səhiyyə əməkdaşlarına yönələn zorakılıqlar dərhal dayandırılmalıdır”.
Təşkilat, Sudan ərazisində 15 Aprel 2023‑cü ildən etibarən davam edən silahlı qarşıdurmaların dərin narahatlıq doğurduğunu vurğulayıb. Faşir bölgəsində çoxsaylı zorla köçürülmə, dinc sakinlərə qarşı öldürmə və işgəncələr barədə video sübutların yayıldığı bildirilir.