Bakı. Trend:
Böyük Britaniya hökuməti Karib dənizindəki şübhəli gəmilər barədə kəşfiyyat məlumatlarının ABŞ-yə ötürülməsini dayandırıb.
Trend xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, London Venesuela sahillərində ABŞ hərbçilərinin fəaliyyətinə şərik olmaq istəmir və bu gəmilərə edilən hücumları qanunsuz hesab edir.
Məlumata görə, Karib dənizində beş dənizaşırı əraziyə nəzarət edən Böyük Britaniya regiondakı kəşfiyyat bölməsi vasitəsilə illərlə ABŞ-yə narkotik daşıdığı ehtimal edilən gəmiləri aşkarlamaqda kömək edib. Bu məlumatlar əsasında ABŞ Sahil Mühafizəsi şübhəli gəmiləri saxlaya, yoxlaya, narkotikləri müsadirə edə və ekipaj üzvlərini həbs edə bilirdi.
Xatırladaq ki, sentyabrdan etibarən Prezident Donald Trampın əmri ilə ABŞ Venesuela sahillərində narkotik kartelləri ilə əlaqəli gəmilərə zərbələr endirir. Böyük Britaniya hökuməti 70-dən çox insanın öldürüldüyü bu hücumlarda onların kəşfiyyat məlumatlarından istifadə edilə biləcəyindən narahatlığını ifadə edib.
