Bakı. Trend:
Rəsmi Berlin və Paris FCAS (Future Combat Air System) layihəsi çərçivəsində yeni nəsil qırıcı təyyarənin birgə hazırlanmasından imtina edə bilərlər.
Trend xarici xarici KİV-ə istinadən xəbər verir ki, bu layihənin gələcəyi barədə hər iki ölkənin müdafiə nazirləri (Boris Pistorius və Katrin Votren) müzakirə edəcək.
“The Financial Times”ın öz mənbələrinə istinadən yazır ki, nazirlərin görüşü Almaniya kansleri Fridrix Mers və Fransa prezidenti Emmanuel Makron arasında çərşənbə axşamı Berlində keçiriləcək danışıqlar öncəsi baş tutacaq. Ölkələr 100 milyard avro ayrılması planlaşdırılan FCAS layihəsini xilas etməyə çalışırlar. Layihə “Airbus” və “Dassault” kimi əsas iştirakçılar arasındakı fikir ayrılıqlarına görə pozulma təhlükəsi ilə üzləşib.
Müzakirə olunan variantlardan biri qırıcı təyyarənin hazırlanmasından imtina etmək, lakin Hərbi Hava Qüvvələri üçün Avropa operativ idarəetmə sisteminin yaradılması üzərində işi davam etdirməkdir. Konsepsiyaya görə, bu sistem məlumatların bulud yaddaşlarında (cloud) saxlanmasından istifadə etməklə qırıcı pilotları, təyyarənin özü, radarlar, sensorlar, PUA-lar və yerüstü döyüş idarəetmə sistemləri arasında qarşılıqlı əlaqəni təmin etməlidir.
