Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna müharibəsinin dayandırılması ilə bağlı saziş üçün müəyyən edilmiş dəqiq bir son tarix mövcud deyil.
Trend xəbər verir ki, Tramp bunu Florida ştatına yollanarkən təyyarədə jurnalistlərə açıqlayıb. Söhbətin audioyazısı Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanıb.
"Bilirsiniz, mənim üçün son tarix nədir? Bu müharibə bitdiyi an", – deyə ABŞ-ın sülh planının şərtlərinin 27 noyabra qədər razılaşdırılması ilə bağlı əvvəlki açıqlamasına dair verilən sualı cavablandırarkən söyləyib.
O, həmçinin vurğulayıb ki, Vaşinqtonun Avropadakı tərəfdaşları Ukraynaya təhlükəsizlik təminatlarının verilməsində daha fəal iştirak edəcəklər.
"Avropa bu prosesdə mühüm rol oynayacaq. Biz bu məsələni Avropa ilə koordinasiya edirik. Avropanın da bu münaqişənin yekunlaşmasını çox istədiyi açıq-aşkardır", – Tramp təhlükəsizlik zəmanətlərinin necə razılaşdırılacağına dair suala cavabında qeyd edib.