Bakı.Trend:
Fransanın görkəmli impressionist rəssamı Pyer Ogüst Renuarın bu vaxta qədər məlum olmamış rəsm əsəri Paris hərrac evində 1,8 milyon avroya (təx. 3,5 milyon manat-red) çəkic altına gəlib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Heç vaxt sərgidə nümayiş olunmamış və satılmamış yağlı boya tablonun adı “L’enfant et ses jouets – Gabrielle et le fils de l’artiste, Jean” yəni “Uşaq və onun oyuncaqları - Qabriel və rəssamın oğlu, Jan”dır.
1890–1895-ci illər arasında çəkildiyi güman edilən tablo rəssamın sonradan “Oskar” mükafatı qazanan kino ustasına çevrilmiş ikinci oğlunu dayəsi ilə birlikdə oturmuş vəziyyətdə təsvir edir.
Rəssamlıq tarixçisi və Renuar üzrə ekspert Paskal Perren əsəri təqdim edərkən “heç bir bərpa işindən keçməməsi səbəbindən inanılmaz dərəcədə yaxşı vəziyyətdə olduğunu” xüsusi vurğulayıb.
Hərracdan əvvəl 1–1,5 milyon avro dəyərində qiymətləndirilən tablo çərşənbə axşamı satışın təşkilatçısı olan Drouot hərrac evinin bildirdiyinə görə, xarici alıcı tərəfindən əldə edilib.
