Bakı. Trend:
Üzv dövlətlərin BMT-yə üzvlük haqlarını gecikdirməsi nəticəsində yaranan təxminən 1,6 milyard dollarlıq borc təşkilatın maliyyə vəziyyətini ciddi şəkildə çətinləşdirir.
Trend xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Baş Assambleyanın büdcə məsələlərinə baxan Beşinci Komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin sonunda 760 milyon dollarlıq borc qalmaqda davam edir, 2025-ci ilin 877 milyon dollarlıq ödənişi isə hələ daxil olmayıb. Hazırda 193 üzvdən yalnız 145-i 2025-ci il üzrə ödənişini tam yerinə yetirib və ABŞ, Rusiya kimi əsas donorlar hələ ödəniş etməyib.
2026-cı il üçün yenilənmiş büdcə 15 faiz azaldılaraq 3,238 milyard dollar müəyyən edilib və 2 681 vəzifənin ixtisarı nəzərdə tutulur. Xüsusi siyasi missiyaların büdcəsi də 21 faizdən çox azaldılır. Bəzi dövlətlər sənədlərin gec təqdim olunmasından və ixtisarların əsasən aşağı səviyyəli heyəti əhatə etməsindən narahat olduqlarını bildiriblər. Büdcə ilin sonunadək Baş Assambleya tərəfindən təsdiqlənməlidir.