Bakı. Trend:
NATO ölkələri avqust ayından etibarən ABŞ-dən Ukrayna üçün 4 milyard avro dəyərində silah alıb. 2025-ci ilin sonuna qədər bu rəqəm 5 milyard avroya çatacaq, 2026-cı ildə isə hər ay təxminən 1 milyard avro təşkil etməlidir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Brüsseldə səfərdə olan NATO baş katibi Mark Rütte bəyan edib.
“NATO ölkələri PURL təşəbbüsü çərçivəsində Ukrayna üçün artıq 4 milyard avro dəyərində silah alıblar, ilin sonuna qədər bunun 5 milyard avro olacağını gözləyirik. Bu, ilk növbədə sursatlar üçündür, xüsusilə də hava hücumundan müdafiə üçün”, – deyə o vurğulayıb.
Qeyd edək ki, NATO baş katibi Brüsselə alyansın xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün gedib.
