Bakı. Trend:
ABŞ administrasiyası hava limanlarında sərnişinlərə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün 1 milyard dollar xərcləmək niyyətindədir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hökumət vəzifəli şəxslər, həmçinin, ölkənin hava qovşaqlarında sərnişinlərin keçirdiyi vaxtı sağlamlıq baxımından daha faydalı etməyi planlaşdırırlar
Müvafiq təşəbbüsü ABŞ-nin səhiyyə və sosial xidmətlər naziri Robert Kennedi (Jr) və nəqliyyat naziri Şon Daffi bəyan ediblər.
Nazirlər Vaşinqtondakı Ronald Reyqan adına milli hava limanına baş çəkiblər və “bir az hərəkətin az hərəkətli səyahətləri daha faydalı edə biləcəyini” şəxsi nümunə ilə göstəriblər. Kennedi və Daffi hava limanında quraşdırılmış turnikdə bir neçə dəfə dartınma hərəkətləri ediblər.
Qəzet məlumat verib ki, hava limanlarında xidmət keyfiyyətinin artırılması proqramı idman meydançalarının yaradılmasını, uşaqlar üçün oyun zonalarının genişləndirilməsini və körpələrin ana südü ilə qidalandırılması üçün xüsusi kabinələrin sayının artırılmasını nəzərdə tutur.
