Bakı. Trend:
Gürcüstan parlamenti “Ali təhsil” haqqında Qanuna təklif olunan dəyişiklikləri təsdiqləyib.
Trend xəbər verir ki, dəyişikliklərə əsasən, universitet sistemində bəzi ixtisaslar istisna olmaqla, bakalavr təhsili 3 il, magistr təhsili isə 1 il davam edəcək.
Akademik ali təhsil çərçivəsində bakalavr proqramı ən azı 180, magistr pilləsi isə ən azı 60 kreditdən ibarət olacaq.
Əsas yeniliklərdən biri qrant modelinin ləğvidir. Bundan sonra Gürcüstan vətəndaşları dövlət universitetlərində həm bakalavr, həm də magistr səviyyəsində tam ödənişsiz təhsil ala biləcəklər, lakin fakültələr üzrə kvotalar tətbiq ediləcək.
Qanuna dəyişikliklər hökumətin təşəbbüsü ilə hazırlanıb. Səsvermə zamanı 79 deputat qanunun lehinə, 9 deputat isə əleyhinə səs verib.
Hazırda Gürcüstan universitetlərində bakalavr pilləsi üzrə təhsil 4 il, magistr pilləsi üzrə isə 2 il davam edir.
