Bakı. Trend:
Böyük Britaniya Rusiyaya məxsus və ölkə ərazisində dondurulmuş 8 milyard funt sterlinq həcmindəki aktivlərdən Ukraynaya yardım üçün təkbaşına istifadə etməyi planlaşdırmır.
Trend xəbər verir ki, bu barədə Financial Times nəşri hökumət dairələrindəki mənbələrə istinadla xəbər yayıb.
Bildirilir ki, London bu mövqeyi Avropa İttifaqının sammitində analoji təşəbbüsün dəstək qazana bilməməsindən sonra formalaşdırıb.
Qərarın verilməsində əsas amil bank sektorunda yaranan hüquqi risklərdir. Maliyyə institutları Moskva tərəfindən mümkün məhkəmə iddialarından, eləcə də Rusiyanın cavab addımları atacağı təqdirdə dövlət təminatlarının olmamasından narahatdırlar.
Hökumət təmsilçisinin sözlərinə görə, Böyük Britaniya bu məsələ üzrə “beynəlxalq tərəfdaşlarla razılaşma olmadan irəliləməyəcək”, eyni zamanda Ukraynanın maliyyə dəstəyi ilə bağlı G7 və Avropa İttifaqı ilə sıx əməkdaşlığı davam etdirəcək.