Bakı. Trend:
Əlcəzair Xalq Milli Assambleyasında Fransanın XIX–XX əsrlərdə apardığı müstəmləkəçilik siyasətinin cinayət kimi tanınmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunur.
Trend xəbər verir ki, layihə üzrə səsvermənin dekabrın 24-də keçirilməsi planlaşdırılır.
Sənəddə vurğulanır ki, Fransanın 14 iyun 1830-cu ildə başlayan və 5 iyul 1962-ci ilədək davam edən Əlcəzairin işğalı, eləcə də bu dövrdən sonra ortaya çıxan birbaşa və dolayı nəticələr cinayət xarakteri daşımalıdır.
Qanun layihəsinin 24 dekabrda qəbul ediləcəyi gözlənilir. Bu, 1997-ci ildə plüralist parlamentin formalaşdırılmasından sonra deputatlar tərəfindən tam şəkildə hazırlanmış ilk qanun layihəsi olacaq. Adətən təşəbbüslər hökumət tərəfindən irəli sürülür, parlament isə yalnız məhdud dəyişikliklər edir. Ekspertlər hesab edirlər ki, hazırkı siyasi gərginlik fonunda bu addım qanuna daha yüksək siyasi legitimlik qazandırır.
Layihə müəllifləri bildirirlər ki, Fransa dövləti qeyri-insani davranışlara, siyasi, iqtisadi və humanitar xarakterli cinayətlərə, eləcə də beynəlxalq hüquq normalarının pozulmasına görə məsuliyyət daşıyır. Parlamentin sədri İbrahim Buğali qeyd edib ki, təşəbbüs Fransa xalqına qarşı yönəlməyib və məqsəd tarixi ədalətin bərpa olunmasıdır.
Qanun layihəsində müstəmləkəçilik dövrünə aid təxminən 30 növ cinayət sadalanır. Bunlara məhkəməsiz edamlar, yerli əhaliyə qarşı ağır işgəncələr, adam oğurluğu, zorakılıq halları, qadağan edilmiş silahlardan istifadə, həmçinin Əlcəzair səhrasında aparılmış nüvə sınaqları daxildir. Sənəddə həmçinin milli yaddaşa hörmətsizlik, Fransa müstəmləkəçiliyinin tərifi və ya ona bəraət qazandırılmasına görə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.