Bakı. Trend:
Qərbi Avropanın bir sıra ölkələri, o cümlədən Fransa, İspaniya, İtaliya, Yunanıstan və Almaniya yaxın gələcəkdə uşaqların sosial şəbəkədən istifadəsinə məhdudiyyətlər və ya tam qadağalar tətbiq etməyi nəzərdən keçirir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Avstraliyanın bu yaxınlarda 16 yaşına çatmamış yeniyetmə və uşaqların sosial şəbəkəyə girişinə qadağa tətbiq etməsindən sonra avropalı parlamentarilər də oxşar tədbirləri müzakirə edirlər.
10 dekabr tarixindən etibarən Avstraliyada yaşı 16-dan aşağı olan uşaqlar “Facebook”, “X”, “Threads”, “Snapchat”, “Instagram”, “TikTok”, “Twitch”, “Reddit” və “Google”a məxsus "YouTube" kimi platformalarda sosial media hesabı yarada və ya mövcud hesablarını saxlaya bilməzlər.
Əgər bu platformaların qanunu pozduğu müəyyən edilərsə, onları 50 milyon Avstraliya dolları (28 milyon avro) məbləğində ciddi cərimələr gözləyə bilər.
Bəs Avropa ölkələri uşaqların onlayn sosial mediaya çıxışını məhdudlaşdırmaq üçün hansı addımlar atır?
Fransa
Fransanın rəqəmsal məsələlər üzrə naziri Ann Le Enanf Fransanın “La Dépèche” qəzetinə bildirib ki, nazirliyi 2026-cı ilin ilk aylarında 15 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrə girişi məhdudlaşdıran qanun layihəsini təqdim etməyi planlaşdırır.
İspaniya
İspaniyalı deputatların nəzərdən keçirdiyi qanun layihəsinə əsasən, yaşı 16-dan aşağı olan uşaqlar valideynlərin açıq razılığı olmadan sosial şəbəkələrə, forumlara, kommunikasiya platformalarına və ya “generativ süni intellekt (GenAI) ehtiva edən istənilən virtual məkana” daxil ola bilməməlidirlər.
Məqsəd “uyğunsuz məzmuna erkən məruz qalma, kiber-bulinq və ya şəxsi məlumatların rəqəmsal istismarı ilə bağlı risklərin qarşısını almaqdır”. Lakin bu “digər hallar”ın konkret nədən ibarət olduğu açıqlanmır.
İtaliya
Ötən ilin may ayında İtaliya parlamenti 15 yaşdan aşağı uşaqlar üçün sosial mediaya məhdudiyyətlər nəzərdə tutan qanun layihəsini təqdim edib.Hazırda İtaliya Senatında müzakirə olunan bu qanuna 15 yaşdan aşağı “kidfluencer”lərin sosial media platformalarında fəaliyyətinin məhdudlaşdırılması da daxildir.
İtaliyanın təhsil naziri Cüzeppe Valditara “Il Foglio” qəzetinə açıqlamasında ölkənin Avstraliya modelini nümunə götürməli olduğunu bildirib.
Yunanıstan
Sentyabr ayında Yunanıstanın baş naziri Kiryakos Mitsotakis BMT Baş Assambleyasında çıxışı zamanı ölkənin Avstraliya modelinə bənzər sosial şəbəkə qadağasını nəzərdən keçirdiyini bildirib.
Yunanıstan artıq məktəblərdə smartfonları qadağan edib və Mitsotakisin sözlərinə görə, bu addım uşaqlara transformativ təsir göstərib.
Hökumət, həmçinin ötən il valideynlərə “iOS” və “Android” mobil telefonlarında valideyn nəzarətinin necə aktivləşdirilməsi ilə bağlı təlimatlar təqdim edən veb-sayt istifadəyə verib.
