Bakı.Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ-də xarici istehsal olan pilotsuz uçuş aparatlarının (PUA) idxalını və satışını qadağan edib. Buna səbəb kimi, həmin qurğuların ölkənin “milli təhlükəsizliyinə təhdid” yaratması göstərilir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Federal Rabitə Komissiyası məlumat yayıb.
“Digər ölkələrdə istehsal edilən PUA-lar və PUA-lar üçün vacib ehtiyat hissələri ABŞ-nin milli təhlükəsizliyi və ABŞ vətəndaşlarının təhlükəsizliyi üçün qəbuledilməz təhdid yaradır. Bu qurğular Komissiyadan təsdiq ala bilməyəcək və ABŞ-yə idxalı, istifadəsi və satışı qadağan olunacaq”, - deyə məlumatda bildirilir.
Sənəddə qeyd olunur ki, komissiya xarici dronları və onlar üçün ehtiyat hissələrini milli təhlükəsizliyə təhdid yaradan rabitə texnologiyaları siyahısına (Covered List) daxil edib. İstisna hal kimi, idxalı ABŞ Müdafiə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən ayrıca təsdiqlənən qurğular və ehtiyat hissələri nəzərdə tutulur.
