...

ABŞ və BMT humanitar maliyyələşməyə yanaşmanın yenilənməsi barədə razılaşıb

Dünya xəbərləri Materials 30 Dekabr 2025 01:02 (UTC +04:00)
ABŞ və BMT humanitar maliyyələşməyə yanaşmanın yenilənməsi barədə razılaşıb

Bakı. Trend:

ABŞ ilə BMT arasında Vaşinqtonun təşkilatın humanitar proqramlarının maliyyələşdirilməsinə münasibətini dəyişən yeni razılaşma imzalanıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, ABŞ vergi ödəyicilərinin vəsaiti hesabına səmərəsiz, anti-Amerika xarakterli və ya israfçı layihələrin maliyyələşdirilməsinə yol verilməyəcək.

“Bu gün Dövlət Departamenti və BMT ABŞ-nin təşkilatın humanitar fəaliyyətini necə planlaşdırması, maliyyələşdirməsi və nəzarətdə saxlaması ilə bağlı dərin islahatları nəzərdə tutan saziş imzalayıb. Bu dəyişikliklər sayəsində Amerika vergi ödəyicilərinin daha az vəsaiti ilə daha çox insanın həyatı xilas oluna biləcək”, – paylaşımda qeyd olunub.

ABŞ Dövlət katibinin sözlərinə görə, yeni yanaşma BMT-nin humanitar fəaliyyətinin maliyyə yükünün digər inkişaf etmiş ölkələr arasında daha ədalətli bölüşdürülməsinə imkan yaradacaq.

“Bu, BMT-dən həddindən artıq xərclərin azaldılmasını, təkrarlanan mexanizmlərin aradan qaldırılmasını, eləcə də səmərəlilik, hesabatlılıq və nəzarət üzrə yeni mexanizmlərin tətbiqini tələb edir”, – Rubio əlavə edib.

Xəbər lenti

Xəbər lenti