Bakı. Trend:
Finlandiya polisi Tallin və Helsinki arasında “Elisa” sualtı telekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinən “Fitburg” gəmisinin heyətinin iki üzvünü həbs edib.
Trend bu barədə “Yle” telekanalına istinadən xəbər verir.
Məlumata görə, yük gəmisinin daha iki heyət üzvünün ölkədən çıxışına qadağa qoyulub.
Finlandiya Milli İstintaq Bürosunun komissarı Risto Lohi bildirib ki, gəmidə araşdırmalar aparılıb və heyət üzvləri dindirilib. Onun sözlərinə görə, hazırda vəziyyət və heyətin hadisədəki rolu qiymətləndirilir. Komissar heyətin istintaqla əməkdaşlıq etdiyini və bunun işin gedişinə müsbət təsir göstərdiyini qeyd edib.
Qeyd olunur ki, Sent-Vinsent və Qrenadin bayrağı altında üzən gəminin heyəti ümumilikdə 14 nəfərdən ibarətdir. Onlar Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstan vətəndaşlarıdır. Gəmi kapitanının vətəndaşlığı barədə məlumat açıqlanmayıb.
