Bakı. Trend:
Belçika İsveçrəyə yanıq üzrə mütəxəssislərdən ibarət briqada göndərəcək və Kran-Montana kurortunda baş vermiş böyük yanğında xəsarət alan yeddi nəfəri öz xəstəxanalarında qəbul edəcək.
Trend-in məlumatına görə, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo “X” sosial şəbəkəsində açıqlayıb.
O bildirib ki, Belçika Avropa İttifaqının mülki müdafiə mexanizmi çərçivəsində İsveçrəyə yanıq üzrə ixtisaslaşmış beş nəfərlik tibbi briqada göndərməyi təklif edib. Həmçinin ölkə öz xəstəxanalarında ağır yanıq xəsarətləri alan beş pasienti və orta dərəcəli xəsarətləri olan iki nəfəri qəbul etməyə hazırdır.
Avropa Komissiyası daha əvvəl Aİ-nin mülki müdafiə mexanizminin aktivləşdirildiyini və üzv ölkələrin bu mexanizm vasitəsilə İsveçrəyə yardım göstərə biləcəyini açıqlamışdı.
Xatırladaq ki, yanğın 1 yanvar gecəsi İsveçrənin mərkəzində yerləşən məşhur dağ-xizək kurortu Kran-Montanadakı “Le Constellation” barında baş verib. Hadisə nəticəsində təxminən 40 nəfər həlak olub, 115 nəfər isə xəsarət alıb. Polis yanğının terror aktı olmadığını bildirir; ilkin ehtimallara görə, yanğının səbəbi bayram şamları və ya fişənglər ola bilər.
