Bakı. Trend:
Astronomlar Süd Yolu qalaktikasının mərkəzində Saturn ölçüsündə “didərgin planet” aşkar ediblər.
Trend-in məlumatına görə, bu barədə “Science” jurnalında dərc olunan elmi məqalədə qeyd olunub.
Bildirilib ki, sözügedən səma cismi Yerdən təxminən 9,9 min işıq ili məsafəsində, Oxatan bürcündə yerləşir. Kəşf göstərir ki, iri planetlər nadir hallarda da olsa, onları formalaşdıran ulduz sistemlərindən kənara atıla bilirlər.
Kəşf Varşava Universiteti Rəsədxanasının direktoru Ancey Udalskinin rəhbərliyi altında fəaliyyət göstərən astronomlar qrupu tərəfindən “OGLE” layihəsi çərçivəsində edilib.
Alimlər yaxınlıqda yerləşən və birbaşa müşahidə olunmayan obyektlərin yaratdığı qravitasiya mikrolinzalanması effektlərini araşdırıblar. Bu tədqiqatlar zamanı bir neçə son dərəcə sönük və soyuq səma cismi aşkarlanıb ki, onlara tez-tez “didərgin planetlər” deyilir.
Bu obyektlərin dəqiq mənşəyi və təbiəti hələ tam aydın deyil. Tədqiqatçıların bir qismi hesab edir ki, onlar mürəkkəb qravitasiya qarşılıqlı təsirləri nəticəsində ulduz sistemlərindən kənara atılmış iri planetlərdir. Digər alimlər isə bu cisimlərin əslində çox soyuq və kiçik qəhvəyi cırtdanlar, yəni kütləsi az olan “uğursuz” ulduzlar ola biləcəyini istisna etmirlər.
