Bakı. Trend:
Türkiyədə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan Kapalıçarşı və Venera istintaqı çərçivəsində həbslərin dördüncü dalğası başlayıb.
Trend Türkiyə mediasına istinadən xəbər verir ki, əlaqələndirilmiş şəkildə 15 vilayətdə keçirilən əməliyyatlarda 68 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Onlar "çirkli pulların yuyulması"nda ittiham olunurlar. Şübhəlilərin cinayət yolu ilə əldə etdikləri düşünülən əmlaklarına həbs qoyulub.
Əməliyyat zamanı qanunsuz mərc oyunları və dələduzluqdan əldə olunan gəlirlərin kriptovalyuta aktivləri vasitəsilə xaricə çıxarıldığı müəyyən edilib. Bu çərçivədə şübhəlilərə məxsus çoxsaylı nəqliyyat vasitələri, daşınmaz əmlaklar və iş yerləri müsadirə olunub.
İstanbul Respublika Baş Prokurorluğunun" cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması" cinayətinin qarşısının alınmasına yönəlmiş Kapalıçarşı istintaqı çərçivəsində barələrində saxlanılma qərarı verilən 80 şübhəlidən 68-i keçirilən əməliyyatlar nəticəsində tutulub.
