Bakı. Trend:
ABŞ Atlantik okeanın şimalında saxlanılmış “Marinera” neft tankerinin göyərtəsində olan rusiyalıların geri qaytarılmasına mane olmamalıdır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN açıqlama verib.
Mənbənin bildirdiyinə görə, ekipaj üzvləri arasında Rusiya vətəndaşlarının olması ilə bağlı daxil olan məlumatlar nəzərə alınaraq, Xarici İşlər Nazirliyi Amerika tərəfindən onlarla humanist və ləyaqətli rəftarın təmin edilməsini, onların hüquq və maraqlarına ciddi şəkildə riayət olunmasını, həmçinin tez bir zamanda vətənə qayıtmalarına maneə yaradılmamasını tələb edir.
Qeyd edək ki, “Marinera” tankeri yanvarın 7-də Atlantik okeanın şimalında saxlanılıb. Gəmi Venesuelanın dəniz blokadasını keçə bilmədiyi üçün bir neçə həftə ərzində Rusiya bayrağı altında üzüb.
Rusiya höküməti gəminin müvəqqəti olaraq Rusiya bayrağı altında üzməsinə icazə verdiyini, eləcə də gəminin göyərtəsində Rusiya vətəndaşlarının olduğunu təsdiqləyib.
