Bakı. Trend:
Pakistanın cənubunda yerləşən Kəraçi şəhərində “Gul Plaza” ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 26-ya çatıb.
Trend xəbər verir ki, bu barədə “The Express Tribune” qəzeti xilasedicilərə istinadən məlumat yayıb.
Məlumata görə, ölənlər arasında yanğınsöndürmə xidmətinin əməkdaşı da var. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Binanın zirzəmisi və birinci mərtəbəsində olan bir neçə otağa giriş hələ də bağlıdır və onlarla insanın dağıntılar altında qaldığı istisna edilmir.
Xatırladaq ki, yanvarın 17-si axşam saatlarında əhalinin sıx məskunlaşdığı rayonda yerləşən ticarət kompleksinin birinci mərtəbəsində yanğın baş verib. Yanğını 33 saat sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.
