...

Qəzza üzrə Sülh Şurasının nizamnaməsi Davosda imzalanacaq

Dünya xəbərləri Materials 20 Yanvar 2026 08:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza sektoru üzrə Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimi yanvarın 22-də Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumu çərçivəsində baş tutacaq.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin “Axios” portalının müxbiri Barak Ravid məlumat yayıb.

Jurnalist ABŞ Prezidenti Donald Tramp tərəfindən dövlət və hökumət başçılarına göndərilən dəvətin fotosunu da paylaşıb.

Məlumata görə, Sülh Şurasına qoşulmaq təklifi müxtəlif ölkələrin liderlərinə göndərilib. Dəvəti alanlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və digər dövlət və hökumət başçıları var.

Qeyd edək ki, Sülh Şurası ABŞ-nin rəhbərlik etdiyi hökumətlərarası təşkilatdır. Şuranın nominal məqsədi sabitliyə töhfə vermək, etibarlı və qanuni idarəetməni bərpa etmək, eləcə də münaqişədən zərər çəkmiş və ya münaqişə riski olan ərazilərdə davamlı sülhün təmin olunmasına dəstək göstərməkdir.

Şuranın yaradılması 2025-ci ilin sentyabrında ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif edilib, onun təsis edildiyi isə 2026-cı il yanvarın 15-də elan olunub.

BMT Təhlükəsizlik Şurasının ABŞ tərəfindən hazırlanaraq 2025-ci ilin noyabrında qəbul etdiyi 2803 saylı qətnaməyə əsasən, Sülh Şurası Qəzza sektorunda idarəetmə, yenidənqurma və müharibədən sonrakı iqtisadi bərpaya dəstək göstərmək səlahiyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti