Bakı. Trend:
ABŞ-də güclü qar çovğunu səbəbindən ölənlərin sayı 34-ə çatıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ölüm halları ümumilikdə ABŞ-nin 14 ştatında qeydə alınıb. Ən yüksək qurban sayı Nyu-York ştatında sənədləşdirilib (9 nəfər). Həftənin əvvəli qar çovğunu səbəbindən 14 nəfərin öldüyü bildirilirdi.
Bir çox ştatda yağan qarın səviyyəsi 30 sm-i keçib ki, bu da avtomobil yollarında hərəkətdə fasilələrə, hava reyslərinin ləğvinə və məktəblərin bağlanmasına səbəb olub.
Ölkənin Milli Meteorologiya Xidmətinin məlumatına görə, Pensilvaniya ştatının Pitsburq şəhərinin şimalındakı bəzi ərazilərdə yağıntının miqdarı 50 sm-dən artıq olub.
Ölkədə hələ də elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunur. “PowerOutage.com” saytının məlumatına əsasən, hazırda təxminən 550 min nəfər elektrik təchizatından məhrumdur. Ən çox təsirlənən ştatlar Tennessi və Missisipidir. Hakimiyyət orqanları xəbərdarlıq edirlər ki, enerji təchizatının tam bərpası bir neçə gün çəkə bilər.
