Bakı. Trend:
Fransa Milli Assambleyasının deputatları baş nazir Sebastyen Lekornunun rəhbərlik etdiyi hökumətə etimadsızlıq haqqında qətnaməni qəbul etməyiblər.
Trend xəbər verir ki, parlamentin saytında yayımlanan iclasın səsvermə nəticələrinə görə, zəruri sayda səs toplanmayıb. Palatanın spikeri Yael Bron-Pive bildirib: “Zəruri sayda səs toplanmadı, qətnamə qəbul edilmədi.”
Qətnaməni 267 deputat dəstəkləyib, lakin onun qəbul olunması üçün 577 səsdən ən azı 289 səs tələb olunurdu.
Qətnaməni solçu “İtaətsiz Fransa” Partiyası təqdim etmişdi. Partiya fraksiyasının lideri Matilda Pano bildirib ki, qətnamə, əsasən, fransızları sərt büdcə qanunundan qorumaq məqsədilə irəli sürülüb. Səbəb isə hökumətin dövlət büdcəsinin üçüncü və son hissəsini parlamentdə səsvermə olmadan, Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinə əsasən qəbul etməsi olub.
2026-cı il üçün hökumətin büdcə qanunu müdafiə sahəsi istisna olmaqla bütün sahələrdə xərclərin azaldılmasını nəzərdə tutur. Müdafiə sahəsində isə əksinə, 6,7 milyard avro əlavə xərclərin artırılması planlaşdırılır.
