Bakı. Trend:
Rusiya və Ukrayna fevralın 1-də Əbu-Dabidə Ukrayna üzrə nizamlanma prosesinə dair danışıqları ikitərəfli formatda davam etdirməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio məlumat verib.
Onun sözlərinə əsasən, ötən həftə BƏƏ-də uzun fasilədən sonra ABŞ-ın iştirakı ilə ilk dəfə üçtərəfli görüş təşkil olunub. Həmin danışıqlarda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, amerikalı iş adamı Cared Kuşner, həmçinin Rusiya və Ukrayna tərəflərinin nümayəndələri iştirak ediblər.
Rubio qeyd edib ki, bu həftə nəzərdə tutulan növbəti görüş artıq yalnız Rusiya və Ukrayna arasında baş tutacaq və bu mərhələdə Stiven Uitkoffla Cared Kuşner prosesdə iştirak etməyəcəklər.
Eyni zamanda, ehtiyac yaranarsa, ABŞ nümayəndələrinin danışıqlara qoşulması ehtimalı da istisna edilmir.