Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Ukraynadakı böhranı və İran ətrafındakı mövcud vəziyyəti müzakirə etdiyini açıqlayıb.
Trend xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” platformasında paylaşım edib.
Donald Trampın sözlərinə görə, telefon danışığı uzun və ətraflı olub və bir çox mühüm mövzuları əhatə edib. Müzakirələr zamanı ticarət və hərbi məsələlər, aprel ayında Çinə planlaşdırılan səfər, Tayvan, Rusiya ilə Ukrayna arasında müharibə, İran ətrafında vəziyyət, Çinin ABŞ-dən neft və qaz alışı, həmçinin Çinin əlavə kənd təsərrüfatı məhsullarının, o cümlədən cari mövsümdə soya paxlası alışını 20 milyon tona qədər artırmaq imkanları gündəmə gətirilib.
Tramp qeyd edib ki, növbəti mövsüm üçün Çin 25 milyon ton soya paxlası almağı öhdəsinə götürüb. Bundan başqa, aviasiya mühərriklərinin tədarükü və digər mövzular da müzakirə edilib.
Çin Mərkəzi Televiziyasının daha əvvəl yaydığı məlumata görə, telefon danışığı zamanı Si Cinpin Trampı iki ölkə arasında dinc yanaşı yaşama prinsipini qorumağa çağırıb və ABŞ silahlarının Tayvana tədarükü məsələsinə ehtiyatla yanaşmağı tövsiyə edib.
