Bakı. Trend:
Türkiyə Statistika Qurumunun (TSQ) “Ünvana əsaslanan Əhali Qeydiyyatı Sistemi – 2025-ci il nəticələri” əsasında ölkə əhalisinin rəsmi sayını açıqlayıb.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Nəticələrə əsasən, Türkiyədə daimi yaşayan əhalinin sayı 31 dekabr 2025-ci il tarixinə əvvəlki illə müqayisədə 427 min 224 nəfər artaraq 86 milyon 92 min 168 nəfər təşkil edib.
Əhali arasında kişilərin sayı 43 milyon 59 min 434 nəfər, qadınların sayı isə 43 milyon 32 min 734 nəfər olub. Başqa sözlə, ümumi əhalinin 50,02 faizini kişilər, 49,98 faizini isə qadınlar təşkil edib.
Türkiyədə 2024-cü ildə 93,4 faiz olan vilayət və rayon mərkəzlərində yaşayanların payı 2025-ci ildə 93,6 faizə yüksəlib. Digər tərəfdən, qəsəbə və kəndlərdə yaşayanların payı 6,6 faizdən 6,4 faizə enib.
Türkiyədə 2024-cü ildə orta yaş səviyyəsi 34,4 idisə, 2025-ci ildə bu göstərici 34,9-a yüksəlib.
