Bakı. Trend:
Nigeriyanın şimal-qərbində baş verən yol qəzası nəticəsində 30 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Trend xəbər verir ki, hadisə Kvanar Barde ərazisində qeydə alınıb. Məlumata görə, qəza yük maşınının sürücüsünün ehtiyatsızlığı səbəbindən baş verib.
Ölkənin Federal Yol Təhlükəsizliyi Qurumunun məlumatına əsasən, Nigeriyada 2024-cü il ərzində ümumilikdə 9 570 yol qəzası qeydə alınıb. Bu qəzalar nəticəsində 5 421 nəfər ölüb.
Mütəxəssislər bildirirlər ki, yol infrastrukturunun zəifliyi, qanunların lazımi səviyyədə icra olunmaması və bəzi sürücülərin intizamsız davranışı bu acınacaqlı statistikanın əsas səbəbləridir.
Qeyd olunur ki, Afrika dünyada yol qəzalarının ən çox baş verdiyi regiondur. Halbuki, dünya üzrə mövcud nəqliyyat vasitələrinin cəmi 3 faizi bu qitənin payına düşür.
