Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatasına Rusiyadan neft və neft məhsullarının idxalı üzrə əməliyyatlarda iştirak edən xarici fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim olunub.
Bu haqda Trend xarici KİV-ə istinadən xəbər verir.
Qanun layihəsinin müəllifləri Respublikaçılar Partiyasından iki konqresmen - Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Maykl Makkol (Texas ştatı) və Mayk Loler (Nyu-York), həmçinin demokratlar Bill Kitinq (Massaçusets), Marci Kaptur (Ohayo), Maykl Kuiqli (İllinoys) və Coş Qotthaymerdir (Nyu-Cersi).
Onların hazırladığı qanun layihəsi ABŞ hökuməti tərəfindən Rusiya Federasiyasından istənilən ölkəyə neft və ya neft məhsullarının alınması və ya idxalında iştiraka, bu əməliyyatların maliyyə tranzaksiyalarının həyata keçirilməsinə yardım göstərilməsinə, eləcə də onlara maddi və ya digər formada dəstək verilməsinə görə sanksiyaların tətbiqini nəzərdə tutur.
Bundan əlavə, analoji sanksiyalar Rusiya neftinin tədarükündə iştirak edən şirkətlərin baş icraçı direktorlarına və direktorlar şuralarının üzvlərinə də şamil ediləcək.
