Bakı. Trend:
Almaniya artıq Ukraynaya öz 12 "Patriot" hava hücumundan müdafiə (HHM) sistemindən 5-ni təhvil verib.
Trend xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius “istəklilər koalisiyası”nın görüşünün yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, hava hücumundan müdafiə Ukraynaya dəstəyin prioritetlərindən biridir. “Almaniya artıq öz 12 "Patriot" sistemindən 5-ni təhvil verib. Biz ardıcıl olaraq "IRIS-T" sistemlərini, idarəolunan raketləri və müxtəlif tipli döyüş sursatlarını tədarük edirik”, – Pistorius deyib və əlavə edib ki, 2026-cı ildə Ukraynaya dəstək üçün Almaniyanın federal büdcəsində 11,5 milyard avro nəzərdə tutulub.
Nazir bildirib ki, HHM və pilotsuz uçuş aparatları şəklində daimi dəstəkdən əlavə, Almaniya uzaqmənzilli artilleriya üçün döyüş sursatlarının maliyyələşdirilməsini də təmin edəcək.
“Tərəfdaş ölkələrin sənayesinin Ukrayna ilə sıx əməkdaşlığı bizim üçün vacibdir. Ona görə çox şadam ki, Almaniyada birgə müəssisə çərçivəsində Ukrayna pilotsuz uçuş aparatlarının istehsalına başlanılıb”, – Pistorius əlavə edib.
Onun sözlərinə görə, digər tərəfdaş ölkələrin ümumilikdə 30 raket ianə etməsi şərti ilə Almaniya Ukraynaya 5 ədəd "PAC-3" tutucu raketi təqdim edəcək.
Pistorius vurğulayıb ki, Ukrayna bundan sonra da Almaniyanın dəstəyinə arxalana bilər.
