Bakı. Trend:
Amerikanın Los-Anceles şəhərində astrofizik Karl Qrillmayr (Carl Grillmair-ing.) öz evinin önündə güllələnib.
Trend bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.
Alim başqa planetlərdə suyun mövcudluğuna dair iddialı araşdırmaları ilə tanınırdı.
Məlumata görə, polis artıq qətldə şübhəli bilinən bir nəfəri saxlayıb. Ona qarşı adam öldürmə, avtomobil qarəti və evə basqın ittihamları ilə cinayət işi açılıb.
Qeyd edək ki, alimin 67 yaşı var idi. O Kaliforniya Texnologiya İnstitutunun elmi əməkdaşı olub. 2007-ci ildə Qrillmayr Günəş sistemindən kənarda yerləşən planetlərin birində suyun mövcudluğuna dair əlamətlərin olduğu barədə məqalə dərc etdirmişdi. Astrofizik eyni zamanda NASA ilə əməkdaşlıq edib. O “Habbl” orbital teleskopu ilə əldə olunan məlumatların təhlili ilə məşğul olub.
