Bakı. Trend:
ABŞ-nin Milli Aeronavtika və Kosmik Administrasiyası — NASA mart ayına nəzərdə tutulan “Artemis II” ekipajlı missiyasının texniki nasazlıqlar səbəbindən Aya göndərilməsini ertələmək qərarı verib.
Trend xəbər verir ki, qurumun rəhbəri Cared Ayzekman bu barədə “X” sosial platformasında paylaşım edib.
O bildirib ki, mart ayı üçün nəzərdə tutulan buraxılış pəncərəsi artıq gündəmdə deyil və hadisələrin bu cür inkişafının məyusedici olduğunu qeyd edib.
Bundan əvvəl NASA “Orion” kosmik gəmisini daşıyan “Space Launch System” (SLS) raketini yenidən yığma sexinə qaytarmaq qərarına gəlib. Raket 17 yanvardan etibarən Floridadakı buraxılış meydançasında yerləşirdi. Lakin fevralın 21-nə keçən gecə mütəxəssislər SLS-in ara kriogen mərhələsinə helium ötürülməsində problem aşkar ediblər.
Ayzekmanın sözlərinə görə, yaranan nasazlıqların səbəbi nə olursa-olsun, onların araşdırılması və aradan qaldırılması yalnız yığma korpusda mümkündür.
Missiyanın yeni mümkün buraxılış tarixi hələ açıqlanmayıb.